Çay

Çay

Dünyada sudan sonra ən çox istehlak edilən içki çay imiş. 5 min illik bir keçmişi olan çay haqqında bir əfsanəyə görə, böyük Çin İmperatoru Shen Nungın xidmətçilərindən biri bağçada su qaynadarkən yarpaqlardan biri qaynayan suyun içinə düşmüş və sudan yayılan qoxu imperatorun çox xoşuna gəlmişdir. Qoxunu bəyənən imperator yarpaq düşmüş suydan içir və aldığı dadı çox bəyənir. O gündən sonra çay Çin ərazisində, daha sonra isə bütün dünyada əvəzolunmaz içkiyə çevrilir. Çayın bugünkü dəmlənmə şəkli isə 4 min il bundan öncə kəşf edilmişdir. Bu gün dünyada təxminən 1500 çay növü vardır.

Çay sözünün mənşəyi Çin dilinə əsaslanır. Çayın iki fərqli tələffüz şəkli vardır. Mandarin ləhcəsində "ça" və Amoy ləhcəsində "te" kimi tələffüz olunur. Mandarin forması ilk dəfə 1559-cu ildə portuqaliyalı tacirlər tərəfindən istifadə edilmişdir. Bu tacirlər sayəsində Mandarin ləhcəsində “ça” rus dilinə (çai), fars dilinə (ça), ərəbcəyə (şay) və türkcəyə (çay) daxil olmuşdur. Avropada daha sonralar Holland tacirlər tərəfindən Amoy ləhcəsi genişləndirilmişdir. Bunun sayəsində qərb dillərində çay Amoy ləhcəsindən törəyib, ingiliscə (tea), fransızca (the), ispanca (te), almanca (tee) olaraq mənimsənilib.

17-ci əsrin əvvəllərində Holland və Portuqal tacirlər ilk dəfə Avropaya Çin çayını tanıdırlar. Əsrin ortalarına doğru Hollandiya və Fransa Avropada çay istehlakına liderlik edən ölkələr hesab olunurlar. Bu möcüzəvi bitkini ilk dəfə Amerikaya gətirən şəxs isə Peter Stuyvesantdır. Çayın tarixində daha bir maraqlı hadisə 1908-ci ildə baş verib. Belə ki, həmin ildə geniş yayılmış paket (birdəfəlik) çayların ABŞ-da istehsalı baş tutub.

Çay bitkisi ilk dəfə Qafqazda 19-cu əsrin 40-cı illərində əkilmişdir. Təcrübələr uğurlu olduğundan onun Qafqazda artırılması işləri 1876-cı illərdən başlanmışdır. Güman olunur ki, Azərbaycanda 1892-1898-ci illərdə təcrübə üçün gətirilmiş sortlar Lənkəran, Car-Balakən rayonlarında sınaqdan uğurla çıxmışdır. Daha sonra  çay bitkisi  1912-ci ildə Azərbaycanın Lənkəran bölgəsində daha genis ərazilərdə  əkilib və ilk çay zavodu burada 1937-ci ildə tikilib. Bundan sonra Azərbaycanda çayın kütləvi şəkildə istehsalına başlanılıb.

Azərbaycanda 1970-1980-ci illərdə çay istehsalı ilə məşğul olan 15 zavod istifadəyə verilib. Azərbaycanda yerli çayın istehsalı 1980-ci illərin ortalarında maksimum həddə çatmışdır. Həmin vaxt bu göstərici 8.6 min ton olmuş, çay bitkisinin becərildiyi sahələr isə 13.4 min hektar ərazini təşkil etmişdir. Qeyd olunan illərdə, 300 milyon əhalisi olan SSRİ-nin çaya təlabatının 8-10 faizi Azərbaycan çayı hesabına ödənilirdi. O dövrdə Azərbaycanın cənub bölgəsində 10-dan çox çay emalı fabriki və Bakıda və Lənkəranda minlərlə işçinin çalışdığı 2 nəhəng çay qablaşdıran fabrik fəaliyyət göstərirdi.

Ha-hazırda, dünyada aparıcı çay istehsalçıları Hindistan, Şri-lanka, Çin, Türkiyə, Keniya, İndoneziya, Malayziya, və Vyetnam hesab olunur. Azərbaycanda isə çay əsasən Lənkəran, Astara, Masallı və Zaqatalada yetişdirilir.